Minskdə “İdarəçilik təhsilində inteqrasiya prosesləri” mövzusunda beynəlxalq forum keçirilib
Minsk, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Belarusun paytaxtında MDB-nin İcraiyyə Komitəsində Belarus Prezidenti yanında İdarəçilik Akademiyasının 25 illiyi münasibətilə “İdarəçilik təhsilində inteqrasiya prosesləri” mövzusunda beynəlxalq forum keçirilib.
Təşkilatın Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumda MDB ölkələri aparıcı ali idarəçilik məktəblərinin rektorları, tanınmış alimlər və elm xadimləri, Birliyin İcraiyyə Komitəsinin rəhbərliyi iştirak edib.
Forumda ali məktəblər arasında idarəçilik təhsili mühitinin yaradılmasının aktual məsələləri, müasir idarəçilik konsepsiyalarının birgə hazırlanması, təhsil proqramlarının beynəlmiləlləşdirilməsi yolları, təhsil modelləri çərçivəsində təlim keçmə və digər mühüm problemlər müzakirə edilib.
MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini, icraçı katib Vladimir Qarkun bildirib ki, bu il 25 illiyi qeyd edilən Birlikdə təhsil sahəsində əməkdaşlıq məsələlərinə böyük əhəmiyyət verilir. 2016-cı ilin Təhsil ili olması bu faktı bir daha təsdiq edir. Təhsil sahəsində yeni standartların axtarışı və tətbiqi istiqamətində fəal iş aparılır, uşaqların və gənclərin təlimi metodunun təkmilləşdirilməsinə, novator ideya və nailiyyətlərin mübadiləsinə xüsusi diqqət yetirilir. MDB dövlətlərinin Təhsil Sahəsində Əməkdaşlıq Şurasının fəaliyyəti təqdirəlayiqdir. Şuranın təşəbbüsü ilə son illər Birliyin Hökumət Başçıları Şurası səviyyəsində ali təhsil haqqında diplomun tanınması, ixtisasartırma və mütəxəssislərin yenidən hazırlanması, distant texnologiyaların inkişafı, təhsil sisteminin informasiyalaşdırılması və digər istiqamətlərdə təhsil nazirlikləri, habelə ali məktəblər arasında əməkdaşlığı təmin edən bir çox sənədlər imzalanıb. MDB Parlamentlərarası Assambleyası çərçivəsində Elm və Təhsil Daimi Komissiyası fəaliyyət göstərir.
V,Qarkun Belarus Prezidenti yanında İdarəçilik Akademiyasının rəhbərliyinə MDB İcraiyyə Komitəsi ilə qarşılıqlı səmərəli işgüzar münasibətə görə təşəkkür edib. O, forumun Birlik məkanında təhsil proseslərinin inkişaf etdirilməsi və təkmilləşdirilməsindən irəli gələn ümumi vəzifələrin həllinə dəyərli töhfə verəcəyini bildirib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk