“Miqrasiya Məktəbi - 6” layihəsinin açılış mərasimi olub
Bakı, 15 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya Məktəbi - 6” layihəsinə start verilib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, açılış tədbirində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov müsabiqədə uğur qazanmış 25 iştirakçını təbrik edərək təşkil olunan layihənin əhəmiyyətindən danışıb, zəruri tövsiyələrini verərək 6 ay davam edəcək layihənin proqramının müasir tədris metodu əsasında hazırlandığını bildirib.
Layihə çərçivəsində ölkəmizdə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və tənzimlənməsinə, miqrasiyanın idarəolunma mexanizminə və hüquqi çərçivəyə, qanunvericiliyin yeniliklərinə, həmçinin ölkəmizin diaspor fəaliyyətinə, turizm və viza siyasətinə, insan alverinə qarşı mübarizəyə və digər aktual məsələlərə dair mövzular tədris olunacaq. İştirakçılara miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq imkanı yaradılacağını deyən Vüsal Hüseynov onlara uğurlar arzulayıb.
Qeyd edək ki, layihə iştirakçılarına xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək üçün də şərait yaradılacaq. Bununla yanaşı, iştirakçıların fərdi bacarıqlarının inkişafına dair təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təlimlər Dövlət Miqrasiya Xidmətinin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris ediləcək.
Xatırladaq ki, layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır.