Misir, İordaniya və İraq liderləri üçtərəfli formatda müzakirələr aparıblar
Qahirə, 28 iyun, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əl-Sisi, İordaniya Kralı II Abdulla və İraqın Baş naziri Mustafa əl-Kazımi Bağdadda üçtərəfli formatda ikinci görüşlərini keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu formatda ilk müzakirələr 2019-cu ilin martında Qahirədə aparılıb. Əsas məqsəd ərəb ölkələrində birgə fəaliyyət planının tərtib olunması, həmçinin Yaxın Şərq və Şimali Afrika regionlarında sülhün və sabitliyin bərqərar edilməsidir.
Müzakirələrdən sonra mətbuata verilən açıqlamada bildirilib ki, üçtərəfli formatda görüşlər davam edəcək və hər üç ölkənin hökumətləri birgə iqtisadi layihələr təqdim edəcəklər. Misir İraqdan ucuz qiymətə xam neft idxal edəcəyini, eyni zamanda, bu ölkəyə sərfəli şərtlərlə elektrik enerjisi ixrac edəcəyini açıqlayıb. Üç ərəb ölkəsinin liderləri qərara gəliblər ki, yeni regional təhlükəsizlik təşəbbüsləri də həyata keçirilsin. Kral II Abdulla ilə görüşən Əbdülfəttah əl-Sisi bəyan edib ki, qonşu İordaniyanın təhlükəsizliyi Misir üçün ən həssas məsələlərdən biridir. O, həmçinin öz ölkəsinin İraqda uzunmüddətli müharibədən sonra davam edən bərpa və quruculuq işlərində fəal iştirak edəcəyini söyləyib.
Liviya, Yəmən və Suriyada vəsiyyəti də müzakirə edən Misir, İordaniya və İraq liderləri digər ərəb ölkələrinin dövlət başçılarını da ortaq fəaliyyət planının hazırlanması və həyata keçirilməsində fəal iştirak etməyə çağırıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə