Misir və Azərbaycan parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov bu ölkənin Nümayəndələr Palatasının Dini işlər və vəqflər komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əli Cuma ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Misir parlamentinin inzibati binasında keçirilən görüş zamanı iki dost ölkə arasında son illər intensiv şəkildə inkişaf edən əlaqələrin, o cümlədən parlamentlərin əməkdaşlığının perspektivləri müzakirə olunub. Tərəflər qeyd ediblər ki, bu ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş əlaqələrin tarixində yeni mərhələnin əsasını qoyub.
Əli Cuma bildirib ki, Misir və Azərbaycan arasında əlaqələrin qədim tarixi var və əməkdaşlığın inkişafının geniş potensialı mövcuddur. O əlavə edib ki, bu kontekstdə iki ölkənin qanunverici orqanlarının əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. Bu yaxınlarda Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Misirə səfəri də çox məhsuldar olub.
Səfir E.Poluxov parlamentlərin ölkələr arasında münasibətlərin qurulması üçün ən mühüm körpülərdən biri olduğunu qeyd edib. O əlavə edib ki, parlamentlərarası dostluq qrupları əlaqələrin möhkəmlənməsinə töhfə verir. Bu baxımdan qanunverici orqanların təmsilçilərinin qarşılıqlı səfərləri olduqca faydalıdır.