MİSİRİN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycanın və Misirin dövlət himnləri səsləndi.
Misirin Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim Əl-Şarkavi qəbulda çıxış edərək, əvvəlcə Azərbaycan Prezidentini və xalqını əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı münasibətilə təbrik etmişdir. Sonra səfir, ölkəsinin inqilabdan ötən 54 ildə keçdiyi inkişaf yolundan danışmış, bu illər ərzində Misirin müxtəlif sahələrdə böyük tərəqqiyə nail olduğunu, dünya birliyində layiqli yer tutduğunu vurğulamışdır.
Diplomat dost ölkələr olan Misir ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Misirə səfəri, yüksək səviyyədə keçirilən görüşlər və danışıqlar ölkələrimizin münasibətlərinin inkişafına öz töhfəsini vermişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək əlamətdar gün münasibətilə bütün Misir xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etdi, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırdı. O dedi ki, ölkələrimiz arasında mədəni əlaqələr hələ qədim dövrlərdə mövcud olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr digər sahələr üzrə də yüksələn xətlə inkişaf etməyə başlamışdır. Son illər dövlətlərimiz arasında bir sıra mühüm sənədlər imzalanmış, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın inkişaf perspektivləri həmin sənədlərdə öz əksini tapmışdır.
Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Misir olduğunu diqqətə çatdıran Bahar Muradova, 1994-cü ildə ulu öndərimiz Heydər Əliyevin Misirə səfərinin, həmkarı Hüsni Mübarəklə keçirdiyi görüşlərin və imzalanmış sənədlərin əlaqələrimizin inkişafına təkan verdiyini bildirmişdir.
Beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyimiz Misir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini həmişə dəstəkləmişdir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak edirdilər.