Misirin nüfuzlu “Youm7” qəzetində Xocalı soyqırımına dair geniş məqalə dərc edilmişdir
Qahirə, 19 fevral (AZƏRTAC). Misirin və regionun aparıcı mətbu orqanlarından olan “Youm7” qəzetində jurnalist Yusif Əyyubun Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı əsasında Xocalı soyqırımına dair geniş məqaləsi dərc edilmişdir.
Səfirlikdən verilən məlumata görə, müəllif yazıda 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı alayı tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş soyqırımı əsrin ən dəhşətli faciələrindən biri adlandırılaraq ermənilərin vəhşilikləri və soyqırımı qurbanları barədə ətraflı məlumat vermişdir.
Ermənistanın təkziblərinə baxmayaraq Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya yayıldığını və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırımına siyasi-hüquqi qiymətin verildiyini yazan müəllif İslam Əməkdaşlıq Təşkilatının cari il fevralın 2-7-də Qahirədə keçirilmiş Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçılarının qəbul etdikləri yekun sənəddə Xocalı soyqırımı insanlığa qarşı cinayət kimi qiymətləndirildiyini vurğulamışdır. Jurnalist qeyd etmişdir ki, bundan əlavə, yekun sənəddə Xocalı faciəsinin soyqırımı kimi beynəlxalq səviyyədə tanınması ilə bağlı çağırış əksini tapmışdır.
BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Ermənistanın təcavüz, etnik təmizləmə və insanlıq əleyhinə cinayət siyasəti yürütdüyünü vurğulayan müəllif bu kimi əməllərin sahibi olan Ermənistanın tarixi saxtalaşdıraraq “erməni soyqırımı”nın tanınmasına çalışmasının ikrah hissi doğurduğunu bildirmişdir.
Məqalənin tam mətni ilə
http://youm7.com/News.asp?NewsID=950258 linkindən tanış olmaq mümkündür.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbir
Qahirə