Misirin yeni inzibati paytaxtının kitabxanasına Azərbaycan haqqında kitablar təqdim edilib
Qahirə, 3 fevral, AZƏRTAC
Azərbaycanın Misirdəki Səfirliyi bu ölkənin yeni inzibati paytaxtında fəaliyyətə başlayan kitabxanaya ölkəmiz haqqında kitablar təqdim edib.
AZƏRTAC xəbər verir ki, səfirliyin əməkdaşı Emil Rəhimov ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ölkəmizin tarixi, mədəniyyəti və müstəqillik illərində qazandığı nailiyyətlər barədə ərəb, ingilis və rus dillərində kitabları yeni inzibati paytaxt kitabxanasının direktoru, professor Zeynəldin Məhəmməd Əbdel Hadiyə təqdim edib. Azərbaycan möhtəşəm binası və maddi-texniki bazası olan bu kitabxanaya kitablar təqdim edən ilk üç ölkədən biri olub.
Səfirliyin əməkdaşı məlumat verib ki, Azərbaycan zəngin ədəbiyyatı, mədəni irsi olan ölkə kimi dünya, o cümlədən müsəlman Şərqi mədəniyyətinə görkəmli korifeylər bəxş edib. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə dahi şair və mütəfəkkir “Nizami Gəncəvi İli” elan edilib. Bu əlamətdar ildə Misirdə də Nizami poeziyasına həsr edilən silsilə tədbirlər keçiriləcək.
Kitabxananın direktoru Zeynəldin Məhəmməd Əbdel Hadi onun rəhbərlik etdiyi kitabxananın gələcək fəaliyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, Nizami Gəncəvi kimi dahilər vətəni olan Azərbaycan haqqında kitabların fonda daxil edilməsi istər misirli oxucular, istərsə də yeni inzibati paytaxtda fəaliyyət göstərəcək əcnəbi vətəndaşlar, səfirliklərin əməkdaşları üçün maraqlı olacaq. O əlavə edib ki, öz işini yeni texnoloji tələblərə uyğun quracaq bu kitabxananın elektron fonduna da Azərbaycan haqqında kitabların daxil edilməsi ölkəmizin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Qahirənin yaxınlığındakı yeni inzibati paytaxtda yerləşən Mədəniyyət və İncəsənət Şəhərində Azərbaycan Mədəniyyəti Günləri, sərgilər və Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə