Misirli ekspert: Ermənistan işğalçı siyasətindən əl çəkməyə məhkumdur
Qahirə, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusunun döyüş meydanında qazandığı hər bir uğur təcavüzkar Ermənistanı tam məğlubiyyətə yaxınlaşdırır. Hesab edirəm ki, Ermənistan işğalçı siyasətindən əl çəkməyə məhkumdur. Onun başqa seçimi yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər misirli ekspert, tədqiqatçı-jurnalist, “Qarabağ: Sülhə aparan yol” kitabının müəllifi Əhməd Əbdo Tərabikin “Alwasela” nəşrində dərc olunmuş məqaləsində yer alıb.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə uzun illərdir davam edən danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan, əslində, işğal olunmuş torpaqlarda möhkəmlənmək, qeyri-qanuni məskunlaşdırma siyasəti apararaq həmin ərazilərin ilhaqı niyyətini güdüb. Lakin işğalçı ölkənin rəhbərliyi zamanın məhz güclü iqtisadiyyata və qüdrətli orduya malik olan Azərbaycanın lehinə işlədiyi barədə politoloqların rəylərinə də məhəl qoymayıb. Son günlər azərbaycanlıların Qarabağ cəbhəsində böyük uğurları göstərdi ki, Ermənistanın işğal etdiyi ərazilərdən öz qoşunlarını çıxarmaqdan başqa çarəsi qalmayıb.
Misirli ekspert vurğulayıb ki, münaqişəyə dair bütün beynəlxalq sənədlər, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycanlılar öz ərazilərini işğaldan azad etmək üçün öz torpağında döyüşürlər və heç bir beynəlxalq təşkilat, heç bir ölkə Ermənistanın işğalçı siyasətinə haqq qazandıra bilməz.
Ermənistanın baş naziri Paşinyanın qondarma “Dağlıq Qarabağ respublikası”nı tanıyacağı barədə bəyanatına da toxunan Tərabik yazıb ki, bu, öz xalqını fəlakətə düçar etmiş naşı siyasətçinin növbəti ciddi səhvidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə