MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Banqladeş Xalq Respublikası Milli Müdafiə Kollecinin "Silahlı Qüvvələrin döyüş kursu"nun rəhbər və dinləyici heyəti "Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizə səfər edib.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Müdafiə Universitetinin (MMU) rektorunun Elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov briqada generalı Mostafizur Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MMU-da keçirilən görüşdə banqladeşli qonaqlara universitetin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatlar barədə geniş məlumat verilib.
Görüşdə hərbi təhsilin daha da inkişaf etdirilməsi sahəsində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar cavablandırılıb.
Briqada generalı M. Rahman xatirə kitabına ürək sözlərini yazıb.
Səfər çərçivəsində Banqladeşin Milli Müdafiə Kollecinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Qonaqlara hərbi institutun yaranma tarixi və əsas fəaliyyət sahələri barədə ətraflı məlumat verilib.
Keçirilən görüşlərin sonunda hədiyyələr təqdim olunub.