Moldova nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142”nin fəaliyyəti ilə tanış olub
Bakı, 9 iyul, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Moldovanın Sosial Sığorta üzrə Milli Kassasının nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142” MMC-ni ziyarət edib.
Bu barədə AZƏRTAC-a DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, qonaqlar “Çağrı Mərkəzi”nin fəaliyyət göstərdiyi iş sahələrinə baxış keçirib, operatorların iş prosesi ilə tanış olublar.
Nümayəndə heyəti üçün mərkəzin fəaliyyətinə dair geniş təqdimatlar keçirilib.
“DOST Çağrı Mərkəzi 142” MMC-nin direktoru Bəxtiyar Məmmədov sosial sahələr üzrə müraciətlərin operativ şəkildə qəbul və cavablandırılması mexanizmləri, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq olunan innovativ həllər barədə məlumat verib.
Xidmətin keyfiyyətinin təmin edilməsi, performans göstəricilərinin tətbiqi, əks əlaqə sistemləri, onlayn çat və digər müasir rəqəmsal kommunikasiya kanallarının idarə olunması təcrübəsi əyani şəkildə qonaqların diqqətinə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.