Moldovada Respublika Günü münasibətilə təntənəli qəbul keçirilib
Kişineu, 26 may, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfirliyi Kişineuda Respublika Gününə həsr olunan rəsmi qəbul təşkil edib.
Bu barədə AZƏRTAC-a diplomatik missiyamızın mətbuat xidmətindən məlumat verilib.
Tədbirin rəsmi hissəsində Azərbaycan səfiri Namiq Əliyev və Moldovanın mədəniyyət naziri Monika Babuk çıxış edib.
Sonra Ştefan Nyaqa adına Kişineu musiqi kollecinin “Qloriya” xoru Azərbaycan və Moldovanın dövlət himnlərini ifa edib.
Qəbulda Moldova Baş nazirinin müavini Georgi Balan, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başqanı, Moldova hökumətinin üzvü İrina Vlax, xarici işlər nazirinin müavini Lilian Dariy, Moldovanın sabiq prezidenti Petr Luçinski, sabiq müdafiə naziri Vitaliy Marinutsa, Kişineuda akkreditə olunan diplomatik korpusun və Moldovanın bütün hakimiyyət qollarının təmsilçiləri, keçmiş ombudsman, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aureliya Qriqoriu, alimlər, incəsənət xadimləri, dost ölkə ictimaiyyətinin nümayəndələri, Moldovadakı Azərbaycanlılar Konqresinin sədri və üzvləri, habelə digər şəxslər iştirak edib.
Tədbirdə “Ambassador” simli kvartetinin ifasında dünya klassik musiqinin ən yaxşı nümunələri, o cümlədən Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Daha sonra Azərbaycan haqqında film nümayiş etdirilib. Qonaqlar həmçinin dünya şöhrətli Azərbaycan milli mətbəxinin yeməkləri və şirniyyatını dadıblar.
Qəbulda Azərbaycan, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev haqqında kitablardan ibarət sərgi təşkil edilib. Heydər Əliyev Fondunun nəşrləri ekspozisiyada xüsusi yer tutub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu