Moldovada yaşayan azərbaycanlı gənc: Zəfər seçkilərində səs vermək qürurvericidir
Kişineu, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkilərində Moldovada müvəqqəti yaşayan və ezamiyyətdə olan vətəndaşlarımız da fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyində yaradılmış 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə 39 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayıb.
Seçki komissiyasından bildiriblər ki, Zəfər seçkilərində vətəndaşlarımız fəal iştirak edirlər. Onların arasında ilk dəfə səs verən gənclərimiz də var.
Seçkilərdə ilk dəfə iştirak edən Yəhya Muxtarov AZƏRTAC-a açıqlamasında bildirib: “Qalib ölkənin vətəndaşı kimi Zəfər seçkilərində iştirak etmək olduqca qürurvericidir. Çünki bu səsvermə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilir. Moldovada ilk dəfə seçkilərdə iştirak edən seçicilərin hamısı özlərini çox xoşbəxt hesab edir”.
Səsvermənin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün səfirlik tərəfindən müvafiq tədbirlər görülüb. Moldovada səsvermədə 100-dən artıq vətəndaşımızın iştirakı gözlənilir. Səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatacaq.
Xatırladaq ki, prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu