Moldovadakı səfirliyimiz koronavirusla bağlı soydaşlarımızı və vətəndaşlarımızı diqqətli olmağa çağırıb
Kişineu, 16 mart, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfirliyi yeni tip koronavirusun sürətlə yayılması ilə bağlı soydaşlarımıza və bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Moldovada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb. Əlaqə telefonu: +37378181361
Səfirlik soydaşlarımıza və vətəndaşlarımıza tövsiyə edir ki, koronavirusdan effektiv şəkildə qorunmaq üçün Moldovada dövlət orqanlarının yaydığı məlumat və məsləhəti diqqətlə izləsinlər. Bundan əlavə şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etsinlər, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırsınlar və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinsinlər, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayinədən keçsinlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu