Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Nigar Hacıyeva Xocalıda 27 il əvvəl ermənilərin törətdikləri vəhşiliklərdən danışıb.
AMEA-nın müxbir üzvü İbrahim Əzizov o hadisələrin şahidi olmayan gənc nəslin Xocalı soyqırımının tanınmasındakı fəallığını yüksək qiymətləndirərək deyib ki, böyükdən kiçiyə hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olmalıdır. Vurğulanıb ki, Xocalı soyqırımı XX əsrin ən qanlı və dəhşətli cınayətidir.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının qisasının tezliklə alınacağına və bayrağımızın Qarabağda dalğalanacağına inamlarını bildiriblər.