“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 115 illiyi qeyd edilib
Naxçıvan, 20 aprel, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” jurnalının təsis edilməsinin 115-ci ildönümü münasibətilə dəyirmi masa təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək əvvəlcə Azərbaycan mətbuatının tarixinə nəzər salıb. Xüsusilə, XX əsrin əvvəllərində ölkədə mövcud olan mədəni inkişafdan, o dövrün tanınmış mətbuat orqanları və onların fəaliyyətindən bəhs edib.
Professor qeyd edib ki, xalqın milli birliyinə xidmət edən “Molla Nəsrəddin” jurnalı xurafat və cəhalətə qarşı ucalan etirazları ifadə edib, elm və təhsili təbliğ edib, cəmiyyətdə mövcud olan nöqsanları sadə xalq dilində çatdırmağı bacarıb. Bu satirik jurnal sovet hakimiyyəti dövründə mövcud ideologiya əsasında tədqiq edilib, bir sıra söz və ifadələr dəyişdirilərək oxuculara təqdim olunub. Alim müstəqilliyimizin bərpasından sonrakı dövrdə ədəbiyyatımıza, mətbuatımıza, bütövlükdə mədəniyyətimizə göstərilən dövlət qayğısından da bəhs edib. O, “Molla Nəsrəddin” jurnalının milli ideologiya əsasında öyrənilməsi, tədqiqi və təbliği məsələlərindən söz açıb.
Tədbir zamanı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosentlər Ramiz Qasımov, Elxan Məmmədov, Zülfiyyə İsmayıl və kiçik elmi işçi Mirsəlim Eminov “Molla Nəsrəddin” jurnalının milli ictimai fikrin inkişafında rolu, jurnalda ifadə olunan folklor və dil məsələləri, qrafika sənəti haqqında məlumat veriblər.
Daha sonra mövzu ilə əlaqədar müzakirələr aparılıb. XX əsr Azərbaycan ədəbiyyatında aparıcı romantizm və realizm ədəbi cərəyanları, bu cərəyanların əks olunduqları qəzet və jurnallar, onların təbliğ etdikləri ideya fərqlilikləri müzakirənin ilkin mərhələsini təşkil edib. “Molla Nəsrəddin” jurnalının cəmiyyətdə, eləcə də ədəbiyyatımızda yaratdığı rezonansın səbəbləri, mənəvi və psixoloji təsirləri, jurnalda əks olunan karikatura və digər qrafik təsvirlərin əhəmiyyəti kimi məsələlər gənc tədqiqatçılarda böyük marağa səbəb olub.
Sonda “Molla Nəsrəddin” jurnalının ədiblərimizin yaradıcılığına göstərdiyi təsirlər təhlil olunub.