MONREALDA İQLİMƏ DAİR ÜMUMDÜNYA KONFRANSI BAŞLANMIŞDIR
BMT-nin Çərçivə Konvensiyası 1992-ci ildə imzalanmış və ratifikasiya edilmişdir. Onun son məqsədinin kəmiyyətcə deyil, yalnız keyfiyyətcə qiymətləndirilməsinə baxmayaraq, Konvensiyada iştirak edən ölkələr 1997-ci ildə parnik qazlarının atmosferə buraxılmasının azaldılmasının konkret həcminə dair öhdəliklərdən ibarət Kioto protokolu hazırlamışlar. Protokol 2005-ci ilin fevralında qüvvəyə minmişdir.
Kioto protokolu çərçivəsində bütün inkişaf etmiş ölkələr (sənədi ratifikasiya etməmiş ABŞ və Avstraliyadan başqa) 2008-2012-ci illərdə parnik qazlarının atmosferə buraxılmasına dair konkret kəmiyyət öhdəlikləri götürmüşdür. Bu, əsas kimi götürülmüş 1990-cı illə müqayisədə parnik qazlarının atmosferə buraxılmasının 5,5 faiz azaldılmasına səbəb olacaqdır.
Monrealda “postkioto” öhdəliklərinə dair konsensusa nail olmaq məqsədi ilə danışıqlar prosesinin yeni mərhələsi başlanmışdır. 10 min nümayəndənin iştirak etdiyi iqlimə dair ümumdünya konfransı dekabrın 9-da başa çatacaqdır.
Konfransın işində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti də iştirak edir. Ölkəmiz qlobal iqlim dəyişiklikləri şəraitində bu mühüm sənədə hələ 1992-ci ildə, 62 milyon ton illik kvota ilə qoşulmuşdur. Son illər bu göstərici xeyli azaldılmışdır və hazırda ildə 44 milyon ton təşkil edir.