MONSERRAT KABALYE: AZƏRBAYCANDA İNSANLAR ÇOX GÖZƏLDİRLƏR
Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək bu konsertə Xoze Kollado dirijorluq edəcəkdir. Monserrat Kabalyenin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında apardığı ustad dərslərində Opera və Balet Teatrının gənc solistləri İlahə Əfəndiyeva, Ülvi Qılınc, Natəvan İsmayılova, Bakı Musiqi Akademiyasının məzunu Dinarə Əliyeva iştirak etmişlər. Gənc solistlər klassik operalardan ariyaları oxumuş, onların səslərinə diqqətlə qulaq asan Monserrat Kabalye faydalı məsləhətlərini vermişdir.
Məşhur opera müğənnisi M.Kabalye demişdir ki, Azərbaycana, bu gözəl ölkənizə gəldiyimə görə çox şadam. Bakıya iki il bundan əvvəl gəlmək istəyirdim. Lakin ayağımdan əməliyyat olunduğum üçün səfərim baş tutmadı. İndi isə vədimi yerinə yetirdim. Burada olacağım qısa müddət ərzində çalışacağam ki, çoxlu insanlarla və bu torpaqla tanış olum. Burada insanlar çox gözəldirlər.