Monteneqro vətəndaşları İsraildən təxliyə olunub
Podqoritsa, 10 oktyabr, AZƏRTAC
Monteneqro HƏMAS-ın hücumu ilə əlaqədar İsraildəki vətəndaşlarını təxliyə edib.
AZƏRTAC xəbər verir ki, Monteneqro və daha səkkiz ölkədən olan 101 nəfər “Air Montenegro” aviaşirkətinin təyyarəsi ilə Podqoritsaya gətirilib. Onların arasında Serbiya, Şimali Makedoniya, Albaniya, Xorvatiya, Kosovo, Sloveniya, ABŞ və İsveç vətəndaşları var.
Monteneqro hökuməti İsraildəki 60 vətəndaşı ilə əlaqə saxlanıldığını, onlardan 48-nin ölkəyə qayıtmaq istədiyini bildirdiyini açıqlayıb. Bəzi vətəndaşların isə İsrailin cənubunda hazırda təhlükəsiz şəraitdə qaldığı və onların da ölkəyə qayıtmaq istədikləri bildirilib.
Serbiya vətəndaşlarından ibarət 132 nəfərlik ilk qrup Təl-Əvivdən Belqrada təxliyə olunub. “Air Serbia” aviaşirkətinin digər təyyarəsi ilə daha 144 Serbiya vətəndaşı ölkəyə gətiriləcək.
Şimali Makedoniya Xarici İşlər Nazirliyi 200-dək vətəndaşının hazırda İsraildə olduğunu, bəzilərinin zərərçəkmiş bölgələrdə qaldığını açıqlayıb. Beytlehemdəki 7 şimali makedoniyalı turistin oradan təxliyə edildiyi və sərhədi keçərək İordaniyaya getdiyi, dörd nəfərdən ibarət ailənin isə təyyarə ilə Təl-Əvivdən İstanbula uçduğu bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa