QAN YADDAŞI
“MOSKOVSKAYA PRAVDA” QƏZETİNDƏ “XOCALI KÜLÜ” SƏRLÖVHƏLİ MƏQALƏ DƏRC OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Moskovskaya pravda” qəzetində tanınmış jurnalist Fərhad Ağamalıyevin “Xocalı külü” məqaləsi dərc olunmuşdur. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas məqamlarından, Ermənistanın uzun illər boyu Azərbaycana qarşı xəyanətkar siyasət yeritməsindən, ermənilərin qanlı əməliyyatı nəticəsində yüzlərlə dinc sakinin qətlə yetirildiyi Xocalı faciəsindən ətraflı söhbət açılır.
Müəllif yazır ki, Xocalı faciəsinə Azərbaycanın zorla sövq edildiyi, bir həftə əvvəl 20-ci ildönümü tamam olmuş Dağlıq Qarabağ münaqişəsinin ümumi kontekstindən kənarda baxmaq olmaz. Məqalədə deyilir: “Xocalı qətliamı və sonradan onun günahkarlarının cəzalandırılmaması zorakılığın baş alıb getməsinə səbəb olmuşdur. Postsovet məkanında bir növ “Xocalı sindromu” yaranmışdı, yəni belə bir əminlik vardı ki, bütün problemləri zor gücünə həll etmək mümkündür. Ötən 16 ildə bunu təsdiq edən qanlı hadisələr həddən çox olmuşdur. Sui-qəsd və qətl ehtirası Ermənistan cəmiyyətinin özünü də iflic vəziyyətinə salmışdı. Təkcə “Xocalı sindromu”nun ermənilərin özləri üçün qanlı təzahürünü - 1999-cu ildə Ermənistan parlamentində elə ermənilər tərəfindən törədilmiş kütləvi qətliamı xatırlamaq kifayətdir. Orada həlak olmuş siyasətçilərin əksəriyyəti Dağlıq Qarabağda döyüşmüşdülər...”
Sonda müəllif vurğulayır ki, Xocalı külü Azərbaycan xalqının qəlbini həmişə göynədəcəkdir.