Moskvada “Azərbaycan Rusiya məktəbliləri və tələbələrinin gözü ilə” mövzusunda müsabiqə keçirilib
Moskva, 20 dekabr, AZƏRTAC
Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti (MV ARMMM) “Azərbaycan Rusiya məktəbliləri və tələbələrinin gözü ilə” mövzusunda müsabiqə təşkil edib.
AZƏRTAC xəbər verir ki, müsabiqə ilə bağlı tədbirlər İstra və Dolqoprudnı şəhərlərində keçirilib. Moskva vilayətinin İnformasiya və Sosial Kommunikasiyalar Nazirliyi, İstra və Dolqoprudnı şəhər dairələri administrasiyalarının dəstəyi ilə təşkil olunmuş tədbirlərdə internat məktəblərinin və orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
MV ARMMM-nin sədri Elşən İbrahimov AZƏRTAC-a açıqlamasında deyib ki, müsabiqənin iştirakçıları yaradıcı işləri və çıxışlarını təqdim ediblər, Azərbaycanın tarixi və mədəniyyəti barədə biliklərini bölüşüblər.
“Müsabiqə layihəyə tələbatın olduğunu sübut edib. Buna görə də biz həmişəlik vidalaşmırıq, “Yeni görüşlərədək, dostlar!” deyirik. Müsabiqədə 13 şagird iştirak edib, onlardan hər biri qiymətli və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Bu görüş Azərbaycanın musiqisi ilə tanış olan, maraqlı vaxt keçirən və çay süfrəsi arxasında səmimi söhbət edən uşaqlarda xoş xatirələrlə yadda qalacaq”, - deyə o qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva