MOSKVADA BAKIYA HƏSR OLUNMUŞ RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, həmvətənimiz Vladimir Putnikov 4 il bundan əvvəl Moskvaya köçmüş və bu illər ərzində Bakı mövzusunda akvarellə 60-dək rəsm əsəri çəkmişdir. Onun əsərlərinin çoxu Rusiyada, Fransada və Böyük Britaniyada şəxsi və korporativ kolleksiyalarda saxlanılır.
A.Putnikov müxtəlif beynəlxalq sərgilərdə Azərbaycanın bir sıra milli pavilyonlarının memarı olmuşdur. O, Bakı, Mingəçevir, Sankt-Peterburq və digər şəhərlərin müəssisələrində istehsalat mühitinin təşkili üzrə 170-dən çox layihənin də müəllifidir. 18 müəlliflik şəhadətnaməsinə layiq görülmüş və elmi nəşrlərdə 25 məqalə dərc etdirmişdir.
İndiki sərgidə onun “Qız qalası” əsəri, İçərişəhərin mənzərələri, filarmoniyanın, Nizami muzeyinin binaları, Şirvanşahlar sarayı, minarəli məscid, Bakının ən yüksək nöqtəsindən dənizin mənzərəsi və paytaxtımızın ruhunu, koloritini, ənənələrini və özünəməxsusluğunu, bir sözlə, onun qeyri-adi memarlığını əks etdirən əsərləri göstərilir.
A.Putnikovun Bakı mövzusunda sərgisini mübaliğəsiz “Vətən həsrəti” adlandırmaq olar. Çünki onun bütün əsərlərində doğma şəhərə, doğma torpağa həsrət hissi duyulur. Rəssamın sözlərinə görə, onun bütün həyatı Azərbaycanla bağlıdır və doğma diyara həsrət hissi yaradıcılığında əks olunmaya bilməzdi. O, sərgiyə gələn həmvətənlərinə deyir: “Qoy, sevimli Bakıya həsr olunmuş bu sərgi bizim ümumi evimizin səmimiliyindən, onunla əlaqədar yaxşı nə varsa, hər şeydən danışsın, ürəklərimizə sevinc gətirsin”.
Moskvada yaşayan köhnə bakılılar, Azərbaycan ziyalılarının nümayəndələri, səfirliyimizin və Ümumrusiya Azərbaycan Konqresinin əməkdaşları sərgidə olmuşlar.