SİYASƏT
Moskvada MDB İqtisadi Şurasının 70-ci iclası keçiriləcək
Moskva, 25 may, AZƏRTAC
Mayın 27-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 70-ci iclası keçiriləcək. İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrinə aid məsələlərin geniş kompleksi daxildir. Maliyyə və iqtisadiyyat sahəsində aktual məsələlərin həllinə dair Birgə Fəaliyyət Planının, habelə 2020-ci ilə qədər olan dövrdə nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətlərinin həyata keçirilməsinin gedişi müzakirə mövzusu olacaq.
Dağ-mədən və metallurgiya, avtomobilqayırma sahələrində əməkdaşlıq, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının qarşılıqlı tanınması, kontrafakt məhsulların istehsalına və yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq barədə sazişlərin layihələri nəzərdən keçiriləcək.
İclas iştirakçıları informasiya cəmiyyətinin qurulmasında və inkişafında MDB dövlətlərinin əməkdaşlıq strategiyasının layihəsini, energetika sahəsində əməkdaşlıq konsepsiyasının reallaşdırılması üzrə təxirəsalınmaz tədbirlərin, habelə meşə təsərrüfatı və meşə sənayesi sahəsində əməkdaşlığın əsas istiqamətlərinin reallaşdırılması üzrə tədbirlərin birinci mərhələsinin planlarını müzakirə edəcəklər.
İqtisadi Şuranın üzvlərinə MDB dövlətlərində işgüzar şərait, investorlara güzəştlər, azad iqtisadi zonalar, sənaye parkları və elmi-texniki parklar barədə icmal təqdim ediləcək.
Bundan əlavə, iclas iştirakçıları bir sıra büdcə-maliyyə və təşkilati məsələləri müzakirə edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva