MOSKVADA TURİZM SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA DAİR “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
İclasda Azərbaycanın gənclər, idman və turizm nazirinin müavini Teymur Mehdiyev, Rusiyanın altı aparıcı turizm şirkətinin rəhbərləri, ölkəmizin turizm biznesinin liderləri olan “İmprotexs trevel”, “Anadolu trevel” və “Kaspian trevel”in nümayəndələri, habelə Azərbaycan-Rusiya birgə hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının Rusiya tərəfinin məsul katibi Valeri Kuzavkov və Rusiya Turizm Agentlikləri Assosiasiyasının sədri Sergey Şpilko iştirak etmişlər.
ÜAK-ın vitse-prezidenti, konqresin İqtisadi İnkişaf Fondu idarə heyətinin sədri Natiq Ağamirov görüşü açaraq bildirmişdir ki, Azərbaycanla Rusiya arasında turizmin inkişafı Fondun fəaliyyətində öncül istiqamətlərdən biridir və ölkələrimizin iqtisadi əlaqələrinin genişlənməsi üçün böyük əhəmiyyətə malikdir. Dövlət iqtisadiyyatın bu mühüm sahəsinin inkişafı üçün infrastruktur yaradılması və turist zonalarının cəlbediciliyinin səviyyəsinin yüksəldilməsi istiqamətində çox işlər görür. Bu vəzifənin həyata keçirilməsi üçün sahənin inkişafına dair dövlət proqramı qəbul edilmişdir. Bununla belə, bir sıra problemlər mövcuddur və onlar həll edilmədən geniş dövlət proqramını uğurla həyata keçirmək mümkün deyildir. Bu problemlər təyyarə biletlərinin baha olması, mehmanxanalar və digər turist obyektləri tərəfindən qiymətqoymanın çevik sisteminin yoxluğu ilə bağlıdır. “Dəyirmi masa”nın iclası məhz həmin problemlərin müzakirəsinə həsr olunmuşdur. Ümidvarıq ki, onların müzakirəsi turizm biznesinin inkişafına, Rusiya turistlərinin Azərbaycana axınının artmasına müsbət təsir göstərəcək”.
Gənclər, idman və turizm nazirinin müavini Teymur Mehdiyev çıxışında turizm sahəsində Rusiya ilə əməkdaşlıqdan danışaraq demişdir ki, Azərbaycan hökuməti bu əməkdaşlığın genişlənməsinə çox böyük əhəmiyyət verir. Rusiyadan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bu göstərici 2002-ci ildə 216.923 nəfər, 2003-cü ildə 401.502 nəfər, 2004-cü ildə 496.050 nəfər, 2005-ci ilin birinci yarısında 245.136 nəfər olmuşdur. Rəsmi məlumata görə, 2003-cü ildə Azərbaycana cəmi 1.013.811 nəfər (o cümlədən 629.753 turist) gəlmişdisə, 2004-cü ildə onların sayı 1.348.655 nəfərə (785.910-u turist idi), 2005-ci ilin birinci yarısında isə 677.693 nəfərə çatmışdır. Son illər respublikamıza gələn “Böyük Volqa yolu” Beynəlxalq konfransının iştirakçıları, Moskva, Sankt-Peterburq şəhərləri, Stavropol diyarı və digər regionların hökumət nümayəndə heyətlərinin tərkibində turizm sahəsinin təmsilçiləri də olmuşdur. Hazırda turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş nəzərdən keçirilir. Rusiyada Azərbaycan ili çərçivəsində Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri Rusiyanın bir sıra regionlarında ölkəmizin turizm potensialını təqdim etmişlər. Təqdimatlar Stavropol diyarında, Tambov, İvanovo, Nijni Novqorod, Samara və Yekaterinburqda olmuş, habelə noyabrda Sankt-Peterburqda da keçiriləcəkdir. Burada milli kulinariyamız da nümayiş etdiriləcəkdir. Son illər Rusiya şirkətləri və Dağıstan Respublikasının Gənclər və Turizm İşləri Nazirliyinin nümayəndələri hər il Azərbaycanda keçirilən beynəlxalq turizm sərgisində fəal iştirak edirlər. Stavropol diyarının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin nümayəndələrindən, Pyatiqorsk, Kislovodsk və Yesentukidə yerləşən sanatoriyaların rəhbərlərindən ibarət nümayəndə heyətləri 2004-cü ildə Azərbaycanda olmuşdur. Səfər zamanı Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər oldu, ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən turizm firmalarının və Şimali Qafqazdakı sanatoriyaların və turizm firmalarının nümayəndələri arasında görüş keçirilmiş, turist mübadiləsinə dair sazişlər bağlanmışdır”.
Nazir müavini çıxışının sonunda bildirmişdir ki, beynəlxalq turizm sərgilərində, yarmarka və birjalarında iştirakı sayəsində Azərbaycan Avropa və dünya turizm birliyinə inteqrasiyaya başlamışdır. 2002-ci ildən başlayaraq biz hər il Moskvada “MİTT” beynəlxalq turizm sərgisində, habelə Rusiyanın bəzi regionlarında – Mahaçqala və Novosibirskdə keçirilən sərgilərdə iştirak edirik. Azərbaycanın bütün ərazisi üzrə mədəni-tanışlıq turizmi, idman, ekstremal, ixtisaslaşdırılmış, tematik, etnoqrafik və dini turlar şəklində öz turizm məhsullarımızı təklif edirik. Hazırda Azərbaycanda 177 turizm şirkəti var, 245 turizm obyektindən 106-sı 2001-2005-ci illərdə yaradılmışdır. Azərbaycan turizm sahəsində əməkdaşlıq üçün bütün ölkələrə açıqdır və bu sahədə Rusiya ilə əlaqələrin dərinləşməsində xüsusilə maraqlıdır.
Rusiyada qeydə alınmış turizm firmalarının nümayəndələri çıxışlarında Rusiyadan Azərbaycana turist axınının artmasının yaxın perspektivin reallığına çevrilməsi üçün ölkəmizin Gənclər, İdman və Turizm Nazirliyi ilə daha sıx əməkdaşlığın zəruri olduğunu söylədilər.