MOSKVADA XALQ ŞAİRİ FİKRƏT QOCANIN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Gecə Rusiya paytaxtındakı “Ocaq” İctimai Təşkilatının və Azərbaycan Yazıçılar Birliyi Moskva şöbəsinin təşəbbüsü və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) dəstəyi ilə təşkil olunmuşdur.
“Ocaq” Təşkilatının sədri Tofiq Məlikli gecəni açaraq, Fikrət Qocanın yaradıcılıq yolundan və onun Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən parlaq ədəbi irsindən danışmışdır. O vurğulamışdır ki, Fikrət Qocanın yaradıcılıq gecəsi Moskvada yaşayan Azərbaycan icmasının həyatında əhəmiyyətli hadisədir, çünki diasporumuzun nümayəndələri Azərbaycan ədəbiyyatına və incəsənətinə, onun inkişafına böyük diqqət yetirirlər.
Şair-tərcüməçi Alla Axundova, şair Nəsib Nəbioğlu, yazıçı Əbdül Hüseynov, Azərbaycan ədəbiyyatını rus dilinə tərcümə edən Nikolay Qoroxov, bəstəkar Asya Sultanova və başqaları F.Qocanın bənzərsiz dəst-xəttindən, dərin mənalı şeirlərindən, əsərlərində daim duyulan vətənpərvərlik ruhundan danışmış, şairin Moskvada Ədəbiyyat İnstitutunda oxuduğu illəri, habelə onun yaradıcılıq bioqrafiyasından maraqlı məqamları xatırlamışlar.
Ölkəmizin Rusiyadakı səfirliyinin birinci katibi Tamilla Əhmədova yubilyarı səfirlik adından təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Fikrət Qoca gecənin təşkilatçılarına dərin minnətdarlığını bildirərək demişdir ki, bu, onun həyatında əlamətdar hadisədir. Şair gələcək yaradıcılıq planlarından danışmış, əsərlərindən nümunələr oxumuşdur.
Gecədə Polad Bülbüloğlunun şairin sözlərinə yazdığı məşhur “Gəl, ey səhər”, habelə böyük sənətkar Rəşid Behbudovun oxuduğu “Payız” mahnıları, şairin sözlərinə bəstələnmiş digər mahnılar səslənmişdir.