Moskvadakı miqrantlar hər gün “Amina” tətbiqinin işini yoxlamalıdırlar
Moskva, 27 noyabr, AZƏRTAC
Moskva və Moskva vilayətindəki əmək miqrantları gündəlik olaraq “Amina” mobil tətbiqinə daxil olmalı və xidmətin düzgün işləməsi üçün geolokasiyaya nəzarət etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Miqrasiya İdarəsinin rəis vəzifəsini icra edən İqor Dudnik bildirib. “Amina” tətbiqi 2025-ci il sentyabrın 1-dən qüvvədədir, Moskvaya və Moskva vilayətinə əmək fəaliyyəti üçün gələn Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları üçün məcburidir. Onun əsas məqsədi təhlükəsizlik səviyyəsinin artırılmasıdır.
Dudnik qeyd edib ki, istifadəçilər gündəlik olaraq tətbiqə daxil olmalı, geolokasiyanın işini və aktivləşdirilmiş smartfon icazələrini yoxlamalı və push-bildirişlərini aktivləşdirməlidirlər. Sistem bildirişlərdən istifadə edərək, yer haqqında məlumatlar daxil olmadıqda və parametrlərin tənzimlənməsi lazım olduqda istifadəçiləri xəbərdar edir.
O, həmçinin izah edib ki, miqrant eksperimentin keçirilmədiyi Rusiya bölgəsinə səfər etdikdə, miqrasiya qeydiyyatı həmişəki kimi onun faktiki yaşayış ünvanı üzrə aparılır. Yerdəyişmələr Daxili İşlər Nazirliyinin informasiya resurslarında qeydə alındığı üçün köçmə barədə əlavə bildiriş tələb olunmur. Başqa bir bölgədə qeydiyyatdan keçdikdən sonra istifadəçi avtomatik olaraq Moskva və Moskva vilayətində qeydiyyatdan çıxarılır. Moskvaya və Moskva vilayətinə qayıtdıqdan sonra onlar “Amina” tətbiqi vasitəsilə yenidən qeydiyyatdan keçməlidirlər.
“Monitorinq sisteminin şərtlərinə əməl edilməməsi onların Nəzarət edilən şəxslər Reyestrinə daxil edilməsinə səbəb olacaq”, - deyə Dudnik vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva