Müasir dövrdə milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 22-də Azərbaycan milli mətbuatının 148 yaşı tamam olur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub. 1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb. XX əsrin əvvəllərində Azərbaycanda "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi" ənənələrini davam etdirib.
AZƏRTAC xəbər verir ki, Milli Mətbuat Günü ilə bağlı Ağdam, Bərdə, Yevlaxda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tədbirlər keçirilib.
Tədbirlərdə əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola nəzər salınıb, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində Ulu Öndər Heydər Əliyevin rolundan danışılıb, dahi rəhbərin milli jurnalistikamızın inkişafı sahəsində xidmətlərindən bəhs olunub.
Bildirilib ki, müasir dövrdə milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açıb. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.
Tədbirlərdə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanda mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü tədbirlərdən də geniş bəhs edilib.
Sonda mətbuat işçiləri mükafatlandırılıb.