“MÜHARİBƏ CİNAYƏTLƏRİNİN MİLLİ VƏ BEYNƏLXALQ SƏVİYYƏDƏ QARŞISININ ALINMASI”
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konfransı açaraq, beynəlxalq cinayətlərin ən ağır növlərinin – hərbi təcavüz, soyqırımı, hərbi cinayətlərin tədqiqi tarixindən ətraflı danışdı. O dedi ki, bu qəbildən olan cinayətlər Azərbaycanda da törədilmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin beşdə biri işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və köçkün vəziyyətinə düşmüşdür.
Konfransda qeyd edildi ki, təcavüz, soyqırımı, müharibə cinayətləri cəzasız qalmamalıdır. Bunun üçün yeni beynəlxalq hüquqi və milli rejimin yaradılması prosesi çox vacibdir. Bu mənada konfransın keçirilməsi mühüm əhəmiyyət daşıyır və müzakirə edilən məsələnin anlaşılmasına kömək edəcəkdir.
Konfransda həmçinin vurğulandı ki, xalqımız beynəlxalq cinayət hüququnun tələblərinə gec-tez əməl olunacağına, bu cəzasızlığa, nəhayət ki, son qoyulacağına inamını itirməmişdir.
BQXK-nın ölkəmizdəki nümayəndəliyinin başçısı xanım Meri Vernts bu tədbirin əhəmiyyəti barədə danışaraq, problemə öz münasibətini bildirdi. BQXK-nın Moskva nümayəndəliyinin hüquq məsələləri üzrə regional müşaviri Arçil Kryukovun “Müharibə cinayətlərinin qarşısının alınması: ümumi öhdəliklər və MDB ölkələrinin təcrübəsi”, Suraxanı rayon məhkəməsinin hakimi Vəfaddin İbayev “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə cinayətlərinin qarşısının alınması”, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının müdafiə vəkilləri Maykl Karnavas və Ejen Osalivan “Beynəlxalq cinayət hüququnun əsas prinsipləri” və “Keçmiş Yuqoslaviya üzrə beynəlxalq cinayət tribunalı (YBCT): Müharibə cinayətləri YBCT təcrübəsində” mövzularında məruzələri dinlənildi.
Konfransda Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov “Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu - əsas müddəalar. Roma Statutunun ratifikasiyası və inplementasiyasına dair konstitusion məsələlər” mövzusunda məruzə etdi.
Tədbirdə, həmçinin, Almaniya Ədliyyə Nazirliyinin nümayəndəsi Yan Maklinin “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq” haqqında məruzəsi dinlənildi.
Konfransın işinə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov yekun vurdu.