Müharibədə könüllü iştirak edən rayon müəllimləri mükafatlandırılıblar
Xırdalan, 17 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeronda Vətən müharibəsində döyüşən səkkiz müəllimlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, təbirdə çıxış edənlər Abşeronda fəaliyyət göstərən orta məktəblərdə çağırışaqədərki hazırlıq fənnindən dərs deyən 8 müəllimin Vətən müharibəsinə könüllü şəkildə qoşularaq ölkəmizin bütövlüyü uğrunda mübarizəsinin şagirdlərə örnək, nümunə olduğunu vurğulayıblar.
Qeyd edilib ki, müəllimlərin bu addımı şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olundu. Şəhidlərimizin, qazilərimizin, ümumən bütün hərbçilərimizin şücaəti sayəsində 30 il həsrətini çəkdiyimiz dədə-baba yurdlarımıza qovuşmuşuq.
Sonra çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlər keçdikləri döyüş yolundan danışaraq torpaqlarımızın azadlığı uğrunda bundan sonra da hər an silaha sarılmağa hazır olduqlarını qeyd ediblər. Müharibə dövründə Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəbhəyə göndərilən yardımlardan danışan keçmiş döyüşçülər bu kimi tədbirlərin böyük əhəmiyyət daşıdığını deyiblər.
Sonda Vətən müharibəsi zamanı könüllü döyüşən çağırışaqədərki hazırlıq müəllimlərə Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.