Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ VİDEO
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
İki dəfə tankı vuruldu, iki dəfə ağır yaralandı. Bədənində 500-dən çox tikişin izi qaldı. Müharibədən sonra keçirdiyi əməliyyatların sayı isə 10-a çatdı. Ancaq onun üçün döyüş yolu yalnız keçmişin xatirəsi deyil. Bu gün həmin xatirələri yaşatmaq, şəhidlərin adını və qazilərin keçdiyi yolu gələcək nəsillərə çatdırmaq üçün fəaliyyət göstərir. Söhbət ehtiyatda olan baş leytenant, Vətən müharibəsi qazisi, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Əli Əlisoydan gedir. Onun rəhbərlik etdiyi birlikdə yaradılan Şəhidlər guşəsi şəhidlərin əziz xatirəsinin yaşadıldığı mühüm məkanlardan biridir.
AZƏRTAC-ın bölgə müxbiri “Naxçıvan Qaziləri” İctimai Birliyinin fəaliyyəti, qazilərin keçdiyi döyüş yolu və burada yaradılan Şəhidlər guşəsi ilə tanış olub.
Döyüş yolundan yaddaş məkanına
Əli Əlisoy Vətən müharibəsində tank bölüyünün taqım komandiri kimi döyüşlərə qatılıb. Onun döyüş yolu ön xəttin yarılması, tank heyətləri ilə birlikdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə davam edib. 2020-ci il sentyabrın 27-də, səhər saatlarında düşmənin üç cərgədən ibarət müdafiə xəttinin təbii və süni maneələrlə əhatə olunmuş hissəsində tanklarla irəliləyiblər.
“Həmin döyüşlər zamanı iki dəfə tankım vuruldu, özüm isə iki dəfə ağır yaralandım. Bundan sonra Füzuli Diaqnostika Mərkəzində cərrahiyyə əməliyyatı keçirdim. 2026-cı il martın 5-də 10-cu dəfə əməliyyat olundum. Şükür olsun ki, bu gün ayaq üstəyəm. Bədənimdə 500-dən çox tikiş var”, – deyə Əli Əlisoy bildirir.
Onun üçün müharibənin izləri yalnız bədənindəki yaralardan ibarət deyil. Döyüş xatirələri, itirilən silahdaşlar, alınan məktublar və döyüş meydanından qalan əşyalar da həmin tarixin bir parçasıdır. Məhz bu düşüncə “Naxçıvan Qaziləri” İctimai Birliyinin yaradılması və sonradan burada Şəhidlər guşəsinin formalaşdırılması ideyasının əsasını təşkil edib.
“Bu ictimai birliyi yaratmaqda məqsədimiz qazilərimizin üzləşdiyi problemlərin həllinə dəstək olmaq, dövlətimizlə qazilərimiz arasında körpü rolunu oynamaqdır. 2023-cü ilin aprel ayında rəsmi qeydiyyatdan keçdikdən sonra qazilərimizi, əlilliyi olan şəxsləri və ətrafımızdakı vətənpərvər insanları bir araya topladıq”, – deyə müsahibimiz qeyd edir.
2023-cü ilin dekabrında Naxçıvan şəhərində "Naxçıvan Qaziləri" İctimai Birliyinin ofisinin yaradılması təşəbbüsü irəli sürülüb. Aidiyyəti qurumlara müraciətlərdən sonra ayrılan məkanda şəhidlərin xatirəsinə guşənin də yaradılması istiqamətində işlərə başlanılıb. Guşənin hər bir eksponatı ayrı bir xatirəni, döyüş yolunu yaşadır. Şəhidlərin ailələrindən əldə olunan fotoşəkillər, əşyaları, qazilərin döyüş zamanı istifadə etdiyi əşyalar, döyüşdə ələ keçirilmiş düşmənə məxsus müxtəlif nümunələr burada nümayiş olunur. Guşənin məqsədi Naxçıvan qazilərinin şəhidlərimizə göstərdiyi hörmət və ehtiramı yaşatmaqdır.
Birliyə məktəblilər, Milli Məclisin deputatları, Azərbaycanın müxtəlif bölgələrindən olan qazilər baş çəkirlər. 27 Sentyabr – Anım Günü ilə əlaqədar burada müxtəlif tədbirlər keçirilir, qarşıdakı dövrdə də məktəblilərin buraya ekskursiyaların həyata keçirilməsi nəzərdə tutulur.
Hər eksponat bir döyüş xatirəsidir
Guşədə diqqətçəkən eksponatlardan biri də müharibə illərində Azərbaycan əsgərlərinə göndərilən məktublardır. Döyüşçü Malik Cəbiyevə “Əsgərə məktub” aksiyası çərçivəsində göndərilən məktub sonradan xüsusi çərçivəyə salınaraq nümayiş etdirilir. “Həmin dövrdə, hətta xəstəxanada müalicə aldığımız vaxtlarda da bizə məktublar göndərilirdi. Malikə göndərilən məktubun üzərində uşağın hansı məktəbdə oxuduğu və əlaqə məlumatları qeyd olunmuşdu. Döyüşçümüz həmin məlumatlar vasitəsilə uşağı axtarıb tapdı. Uşaq tapıldıqdan sonra məlum oldu ki, məktub yazıldığı vaxt onun ailəsində də itki yaşanıb”, – deyə müsahibimiz xatırladır.
Bu məktubun muzeydə qorunmasının səbəbi isə sadəcə bir xatirəni yaşatmaq deyil. Qazinin sözlərinə görə, həmin məktublar müharibə zamanı Azərbaycan əsgərinə xalqın mənəvi dəstəyinin ifadəsi idi: “Xalqımız həmin dövrdə bizim arxamızda dayanmışdı, bizə dayaq və motivasiya olmaq üçün məktublar yazırdı. İstədim ki, belə bir çərçivə hazırlayaq və bu məktublardan hər biri Azərbaycan əsgərinə xalqımızın dəstəyinin bir nümunəsi kimi tarixdə qalsın. Hətta Şuşada döyüşən əsgərlərimizin də belə məktubları oxuduğu olurdu”.
Şəhidlər guşəsində müharibənin daha bir ağır izini mərmi qəlpələri yaşadır. Düşmən mərmilərinin partlaması nəticəsində yaranan qəlpələr bu gün burada eksponat kimi qorunur. “Buradakı bütün eksponatları sadalamaq istəmirəm. İnsanlarda maraq yaransın, gəlib muzeyimizi ziyarət etsinlər və onları öz gözləri ilə görsünlər. Burada düşmən mərmilərinin partlamasından qalan qəlpələr də var. Bu qəlpələrin hər biri bizə müharibənin acı xatirələrini yaşadır. Onlardan bəziləri neçə-neçə dostumuzun, qardaşımızın həyatına son qoyub”, – deyə qazi Əli Əlisoy qeyd edir.
“Naxçıvan Qaziləri” İctimai Birliyi qazilərin hüquqi məsələlərinin həlli, məşğulluğunun təmin olunması və təhsilə yönləndirilməsi istiqamətində də iş aparır. Qazilərin müraciətləri aidiyyəti qurumlara yönləndirilir, məşğulluq məsələləri ilə bağlı sahibkarların iştirakı ilə görüşlər keçirilir. İkinci ali təhsil almaq istəyənlərin Naxçıvan Dövlət Universitetinə yönləndirilməsi də həyata keçirilir.
Əli Əlisoy vurğulayır ki, birliyin əsas məqsədi dövlətə, dövlətçiliyə, xalqa və qazilərə xidmət etməkdir. İctimai əsaslarla fəaliyyət göstərən birlik qeyri-kommersiya təşkilatı kimi qazilərin problemlərinin həllinə dəstək verməyi qarşıya məqsəd qoyub.
"Naxçıvan Qaziləri" İctimai Birliyində yaradılan Şəhidlər guşəsinə baxanda burada yalnız fotoşəkillər, məktublar, mərmi qəlpələri və müxtəlif əşyalar görünmür. Hər eksponat bir döyüşçünün keçdiyi yolun, bir şəhidin yarımçıq qalan ömrünün, bir ailənin yaşadığı ağrının və bütöv bir xalqın müharibə yaddaşının izini daşıyır. Bir vaxtlar döyüş meydanında həyatla ölüm arasında qalan həmin əşyalar indi gələcək nəsillərə tarix danışır. Bəlkə də, guşənin ən böyük mənası elə budur: müharibənin bitdiyi yerdə yaddaş başlayır. Burada qorunan hər bir məktub, fotoşəkil və mərmi qəlpəsi Vətən müharibəsinin silinməyən izlərini yaşadır. Bu izlər isə şəhidlərin xatirəsinə ehtiramın, qazilərin keçdiyi yolun və Vətən uğrunda verilən qurbanların gələcək nəsillərə çatdırılan canlı yaddaşıdır.
Müxbir - Nail Əsgərov