MÜHASİBAT UÇOTU VƏ AUDİT MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Maliyyə Nazirliyinin Dünya Bankı ilə birgə təşkil etdiyi konfransda bu istiqamətdə görülən tədbirlərdən danışılmışdır.
Konfransın iştirakçıları, o cümlədən Dünya Bankının mütəxəssisləri Azərbaycanda, ilk növbədə, ictimai əhəmiyyətli qurumlarda beynəlxalq standartlara müvafiq maliyyə hesabatlarının tətbiq edilməsinin zəruriliyini əsaslandırdılar. Ölkəmizdə iri bizneslə məşğul olan 20 iqtisadi qurumda bu cür hesabatın tətbiq ediləcəyi diqqətə çatdırıldı. Real mənfəətin dəqiq müəyyənləşdirilməsini, şəffaflığı başlıca meyar seçən iqtisadi qurumların ictimai əhəmiyyətli strukturlara aid edildiyi bildirildi. Orta biznes üçün isə beynəlxalq standartlarla ziddiyyət təşkil etməyən və bu standartlara uyğunlaşdırılmış, milli standartlara əsaslanan maliyyə hesabatlarının məqbul sayıldığı qeyd olundu. Kiçik bizneslə məşğul olan qurumların maliyyə hesabatlarında isə vergi mənfəətinin əsas götürülməsinin məqsədəuyğunluğu diqqətə çatdırıldı.
Orta biznesə dair istənilən iqtisadi qurum maliyyə hesabatını sırf beynəlxalq standarta uyğunlaşdıra bilər. Natiqlər auditin ictimai əhəmiyyətli qurumlar üçün müstəsna əhəmiyyətini də hərtərəfli əsaslandırdılar.
Azərbaycanın daim yeniləşən, beynəlxalq standartlara əsaslanan maliyyə hesabatı barədə hüquqi-normativ bazaya aid sənədlərin ana dilimizə tərcüməsi, tətbiqi və qarşıya çıxacaq problemlərin həlli ilə bağlı konkret işə başlanıldığı bildirildi. Konfransın əhəmiyyəti bu baxımdan əsaslandırıldı.