Mülki Aviasiya Muzeyində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində anım mərasimi keçirilib.
Azərbaycan Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, MAA-nın müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova giriş sözü ilə açdıqdan sonra, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mülki Aviasiya Muzeyinin əməkdaşı İlhamə Bayramova "20 Yanvar - Qan yaddaşımız" adlı mühazirə oxuyub.
Sonda 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotosərgi və videomaterial nümayiş etdirilib.