Münxen Konfransında Azərbaycanın diplomatiya zəfərinə şahidlik etdik - Politoloq

Bakı, 20 fevral, AZƏRTAC
Dünya siyasi təcrübəsində Münxen Təhlükəsizlik Konfransı (MTK) xüsusi çəkiyə malikdir. Beynəlxalq təhlükəsizlik konsepsiyasının geniş şəkildə müzakirə olunduğu platformaya Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə dəvət edilməsi indiki şəraitdə mühüm amil kimi qiymətləndirilməlidir. Konfrans çərçivəsində dövlətimizin başçısının nüfuzlu təşkilatların sədrləri, dövlət və hökumət nümayəndələri, o cümlədən dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirməsi Azərbaycanın təkcə sözdə deyil, əməldə də etibarlı tərəfdaş olmasının növbəti təzahürü oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
“Münxen Konfransında son illər cərəyan edən siyasi proseslər, münaqişə riskləri və Ukrayna müharibəsi ilə yanaşı, Cənubi Qafqaz regionunda sülhə təhdid yaradan amillərin də aradan qaldırılması istiqamətində faydalı dialoqların qurulmasında Azərbaycan “açar” rolunu oynamasına dair də müzakirələrə yer verildi. Avropanın enerji və siyasi təhlükəsizliyində qarşılaşdığı çətinliklərin öhdəsindən gələ bilməsi üçün Cənubi Qafqaz bölgə olaraq Avropa İttifaqının (Aİ) maraq dairəsindədir. Prezident İlham Əliyev hər zaman iştirak etdiyi bütün beynəlxalq, regional tədbirlərdə Qafqazda sabitlik və daimi sülhün qorunub saxlanmasına dair strateji təkliflərlə çıxış edir. Dövlətimizin başçısının irəli sürdüyü təkliflər regional aktor üçün də faydalı olacaq. Üç Cənubi Qafqaz ölkəsinin rəhbərlərinin bir araya gələrək vahid platforma üzərindən birgə fəaliyyət proqramı hamılıqla qəbul edilir. Yanvar ayında Davosda Azərbaycan və Gürcüstan rəhbərləri bir araya gələrək regiona dair dinamik, müsbət addımları müzakirə etdilər, Ermənistan isə bu görüşdə iştirakdan boyun qaçırdı. Göründüyü kimi, bəzi Qərb dairələri Azərbaycanı qərəzli qınaq obyektindən çıxarmalı və mənzərəyə bir daha baxmalıdırlar ki, kim sülh yaradır, kim isə mane olur”, - deyə politoloq qeyd edib.
Tural Əliyev bildirib ki, diplomatiya elmində dil bilmək bacarıqlarından əlavə, haqq da eyni tərəfdə olmalıdır ki, güclü lider xarakteri açıq şəkildə ifadə etdirilsin. Azərbaycanın İkinci Qarabağ müharibəsində yaratdığı reallıqlar regional, beynəlxalq müstəvidə güc və ədalət formulu kimi tarixin gerçəkliyi prizmasından bir çox həqiqətlərə aydınlıq gətirdi. Ermənistanın isə Azərbaycanın şərtlərini qəbul etməkdən başqa şansı yoxdur. Sülh prosesi isə təkcə ikitərəfli münasibətlərə deyil, bütövlükdə region üçün yeni imkanlara şərait yaradacaq.
Münxen Təhlükəsizlik Konfransında çox maraqla gözlənilən Cənubi Qafqaz panelində qaranlıq məqamlara toxunulduğunu və Azərbaycanın diplomatiya zəfərinə bir daha şahidlik etdiyimizi diqqətə çatdıran politoloq vurğulayıb: “Münxen Təhlükəsizlik Konfransında iştirakçı dövlətlər zamanın tələblərindən irəli gələn reallıqları qəbul edərək təhlükələrin haradan qaynaqlandığı amillərinə nəzəri və praktiki nöqteyi-nəzərdən dərindən diqqət yetirsələr, münaqişələrin mənbəyini tapıb, ümumsülh konsepsiyasına nail ola bilərlər. Azərbaycan qlobal təhlükəsizlik sisteminin bir parçası olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməyə daim hazır olduğunu bəyan etməklə yanaşı, əməli fəaliyyətini də reallıqlara uyğun davam etdirməkdədir”.