MÜQƏDDƏS RAMAZAN AYINDA XEYİRXAHLIQ
“Azərsun Holdinq” Şirkətlər Qrupunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurum, ənənə olaraq, kimsəsiz uşaqlara, qaçqın və məcburi köçkünlərə, yoxsul və aztəminatlı ailələrə yardımlar edir. Şirkətin nümayəndələri müqəddəs Ramazan ayında Yasamal rayon Əlillər Təşkilatının 350 üzvünə, o cümlədən bir sıra xəstəliklərə məruz qalan, əmək qabiliyyətini qismən və ya tam itirmiş əlillərə ərzaq yardımı etmişlər. “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozal hazırda tikintisi sürətlə davam edən və oktyabr ayının sonunadək istifadəyə verilməsi nəzərdə tutulan İmişli şəkər zavodunda 500-dən çox inşaatçı ilə birlikdə iftar süfrəsinə qatılmışdır. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev mərasimdə çıxış edərək, qoyduğu sərmayələrlə Azərbaycan bölgələrinin inkişafında xidmətlərinə və şəkər zavodu layihəsinə görə şirkətlər qrupunun prezidentinə təşəkkürünü bildirmişdir.