CƏMİYYƏT
Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Bakı, 30 sentyabr, AZƏRTAС
Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə tam şəkildə reinteqrasiya olunması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə görüşdə Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinə reinteqrasiya planını təqdim etmişdi. Həmin plan bütövlükdə Azərbaycan Respublikası Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyasını, həmin əhalinin xidmətində olan infrastrukturun bərpası, istifadəsi və bununla bağlı zəruri fəaliyyətlərin təşkili ilə bağlı məsələləri özündə ehtiva edir. Belə ki, Ermənistandan gələn enerji təchizatının dayandırılması və bunu Şuşada fəaliyyət göstərən elektrik şəbəkə vasitəsilə təmin olunması, ərzaq yükünün göndərilməsi, yanacağın verilməsi bu məsələlərə aiddir. Eləcə də Xankəndində məlum yanacaqdoldurma məntəqəsində partlayışın baş verməsi və bununla əlaqədar Azərbaycanın yanğınsöndürən briqadalarının həmin yerə səfərinin təşkili və orada yanğınsöndürmə işlərində birbaşa iştirakıdır. Digər məsələ işğaldan azad olunmuş ərazilərdə, xüsusilə 24 saatlıq antiterror tədbirlərindən sonra erməniəsilli əhalinin bu bölgələri tərk etməsidir. Həmin ərazilərdə ölkəmizin hüquq-mühafizə orqanlarının keşik çəkməsi və digər məsələlər müvafiq reinteqrasiya planının ayrı-ayrı seqmentlərinin tam işə düşdüyünün şahidi oluruq. Bundan başqa, Qarabağda yaşayan erməniəsilli əhalinin Azərbaycan vətəndaşlığına qəbul olunması ilə bağlı tələb edilən müddəaları özündə ehtiva edən haldır. Yevlaxda keçirilən görüşdə, həmçinin amnistiya və digər məsələlər də müzakirə olunub.
Bunu AZƏRTAC-a açıqlamasında “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilən görüşlər, humanitar məsələlər, erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı istiqamətində atılan addımları şərh edərkən deyib.
Vurğulayıb ki, ilkin mərhələdə olduqca vacib məsələ təhlükəsizliyin təmin olunmasıdır. Bundan başqa, Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin qeydiyyatı aparılacaq. Dövlət Miqrasiya Xidmətinə (DMX) bütün müraciətlərin bir portal vasitəsilə qəbul olunması və gələcəkdə həmin şəxslərin dövlət xidmətlərindən səmərəli şəkildə istifadə edə bilməsi, ilkin qeydiyyat aparılması məqsədilə xüsusi tapşırıq verilib.
Eyni zamanda, Qarabağ iqtisadi rayonunun elektrik şəbəkəsinin Azərbaycanın elektrik sisteminə inteqrasiyası ilə bağlı zəruri addımlar atıldı. Xankəndində yandırılan işıq, sərf olunan enerji ölkəmizin verdiyi enerjidir. Digər kommunal sistemlərdə yenə də Ermənistandan ayrılmaqla Azərbaycana qoşulması ilə bağlı olan zəruri elementləri nəzərdə tutulur. Bunlar inteqrasiya olunmaq istəyən və Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin belə məsələlərə, xüsusilə də kommunal xidmətin imkanlarından səmərəli şəkildə istifadəsinə xidmət edən məsələdir. Amma bununla yanaşı, təhsil, səhiyyə və digər sistemlərə keçid də həmin o reinteqrasiya planının hissəsidir. Kifayət qədər çoxşaxəli sənəddir. Bu inteqrasiya planı müxtəlif aspektləri özündə birləşdirir.
“Çoxsaylı müraciətlər orada yaşayan şəxslərlə bağlıdır ki, əgər ümumiyyətlə, 1988-ci ilədək onlar həmin ərazilərdə yaşayıblarsa və ya uşaqları hazırda ərazidə yaşayırlarsa, bu halda həmin reinteqrasiya planlarından çox rahat şəkildə istifadə edə bilərlər.
Düşünərəm ki, reinteqrasiya prosesində yalnız Dövlət Miqrasiya Xidməti yox, bütün digər dövlət qurumları da ictimai asayişin, təhlükəsizliyin təmin olunmasını və digər məsələləri mərhələli şəkildə həll edəcək və bu səbəbdən ilkin qeydiyyatı çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bu, gələcəkdə reinteqrasiya planının səmərəli şəkildə həyata keçirilməsi nöqteyi-nəzərdən ən vacib komponentlərdən biridir”, - deyə A.Allahverənov bildirib.