MÜSABİQƏNİN QALİBLƏRİ VERGİLƏR NAZİRLİYİNİN ƏMƏKDAŞLARI OLMUŞLAR
Kadr siyasəti və hazırlığı şöbəsinin rəisi Faiq Şahbazov çıxışında bildirmişdir ki, son onilliklərdə ölkənin mərhələlərlə inkişafı Azərbaycanın müasir tarixində ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həm sovet dövründə, həm də Azərbaycan müstəqillik qazandıqdan sonra məhz onun rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafının təməli qoyulmuşdur.
Məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, dövlət büdcəsi gəlirlərinin formalaşdırılmasında vergi orqanlarının rolu misilsizdir. Ümummilli liderimiz Heydər Əliyev vergi xidmətinin ölkənin iqtisadi inkişafında rolunu nəzərə alaraq, 2000-ci il fevralın 11-də Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vahid vergi siyasətinin həyata keçirilməsini, vergilərin və digər ödəmələrin dövlət büdcəsinə tam və vaxtında köçürülməsini və bu sahədə dövlət nəzarətinin gerçəkləşdirilməsini təmin edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında Fərman imzalamışdır.
Nazirlik yaradıldıqdan və Fazil Məmmədov vergilər naziri təyin olunduqdan sonra iqtisadi münasibətlərin tənzimlənməsində, dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılmasında və sair sahələrdə vergi orqanının rolunun artırılması məqsədi ilə struktur dəyişiklikləri aparılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki uğurlu siyasəti nəticəsində regionların sosial-iqtisadi inkişafı güclənmiş, sahibkarlığa dövlət səviyyəsində kömək artmışdır.
Ölkədə həyata keçirilən uğurlu islahatlar kadr siyasətində də əksini tapmışdır. Vergi orqanlarına işə qəbul edilərkən test imtahanları keçirilməsi barədə qərar qəbul olunmuşdur.
Müsabiqənin şərtləri elan edildikdən sonra 500-ə yaxın namizəd sənədlərini nazirliyə təqdim etmişdir ki, onların da 392 nəfəri imtahana buraxılmışdır. İmtahanlarda 117 namizəd 70-dən çox bal toplamışdır. Onların 76 nəfəri növbəti mərhələdə iştirak hüququ qazanmışdır. Həmin namizədlərdən 46 nəfərə ölkənin vergi orqanlarında müvafiq vəzifələr təklif olunmuşdur.
Faiq Şahbazov yeni əməkdaşları vergilər nazirinin adından təbrik edərək bildirmişdir ki, digər namizədlərə də vergi orqanlarında iş təklif olunacaqdır.