Müşahidəçi: Vətəndaşlarımız seçkiyə məsuliyyətlə yanaşırlar
Bakı, 7 fevral, AZƏRTAC
Bu gün 24 saylı Nizami I seçki dairəsinin 13 saylı məntəqəsində də qələbəlikdir. Səhər saat 8-dən seçki məntəqəsində səsvermə ilə bağlı uzun növbələr müşahidə edilir.
Məntəqədə seçki prosesini izləyən çoxsaylı müşahidəçilərdən ikisi AZƏRTAC-a müsahibə verərək fikirlərini bölüşüb.
Ana Vətən Partiyasından olan müşahidəçi Firuz Novruzov vətəndaşlarımızın seçkilərə məsuliyyətlə yanaşdığını deyib.
“Seçkilər normal keçir, hələlik heç bir nöqsan yoxdur. Əminliklə deyə bilərəm ki, seçki prosesi çox gözəl keçir və hər kəs istədiyi namizədə səs verir. Vətəndaşlar böyük həvəslə seçki prosesində iştirak edirlər”, - deyə Firuz Novruzov vurğulayıb.
Böyük Azərbaycan Partiyasından olan müşahidəçi Vüsal Qafarlı isə səsvermə zamanı izdiham yaşandığını qeyd edib.
“Mən seçkidə partiyamızı təmsil edirəm. Partiyamız adından müşahidəçi olduğuma görə çox sevinirəm. Seçki ilə bağlı böyük izdiham yaşanır. Əhalinin bütün təbəqələri, o cümlədən gənclərimiz seçkiyə böyük maraq göstərirlər. Seçkilər tam şəffaf keçir. Heç bir nöqsan aşkarlanmayıb”, - deyə Vüsal Qafarlı bildirib.