MÜSTƏQİLLİK, DÖVLƏTÇİLİK, MİLLİ TƏHLÜKƏSİZLİYİN KEŞİYİNDƏ MUZEYİNİN YENİ EKSPOZİSİYASININ AÇILIŞI OLMUŞDUR
Mərasimi milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov açaraq demişdir ki, Müstəqillik, Dövlətçilik, Milli Təhlükəsizliyin Keşiyində Muzeyinin birinci ekspozisiyasının açılışı 1997-ci il iyunun 28-də olmuşdur. Ümummilli liderimiz, Azərbaycan Prezidenti Heydər Əliyev o zaman ekspozisiyanı açaraq, bir sıra dəyərli tövsiyələr vermişdi. Həmin tövsiyələrdən biri də muzeyin genişləndirilməsi və zənginləşdirilməsi barədə idi. Azərbaycan Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 85 illik yubileyinə həsr edilmiş tədbirdə biz muzeyin yeni ekspozisiyasının açılışının olacağını söz vermişdik. Bu vədimizə əməl edərək ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü ərəfəsində yeni ekspozisiyanı açırıq.
Muzeyin iş sahələri iki dəfədən çox genişləndirilmiş, yeni guşələr yaradılmışdır. Bölmələrin birində Azərbaycanın dünya şöhrətli dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyətinə dair, o cümlədən təhlükəsizlik orqanlarının inkişafı sahəsində gördüyü işlər barədə materiallar toplanmışdır. Muzeyə gələnlər burada Heydər Əliyevlə bağlı çoxlarına məlum olmayan sənədlər və fotoşəkillərlə tanış ola biləcəklər.
Sonra muzeyin əməkdaşı Məhəbbət Mehdiyeva mərasim iştirakçılarına ölkəmizin təhlükəsizlik xidməti orqanının tarixindən, inkişaf yollarından bəhs edən çoxsaylı materialların toplandığı yeni ekspozisiya barədə ətraflı məlumat vermişdir.
Muzeylə tanışlıqdan sonra rejissor Vaqif Mustafayevin ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Professional” filmi nümayiş etdirilmişdir. Filmdə Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətindən bəhs olunur.