Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosu haqqında Əsasnaməyə düzəlişlər razılaşdırılıb
Minsk, 13 avqust, AZƏRTAC
Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçıları olan dövlətlərin ərazilərində mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnaməyə dəyişiklik və əlavələrin edilməsi haqqında layihənin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.
Qurumun Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər qərar layihəsini tamamlayıb və razılaşdırıblar. MDB İcraiyyə Komitəsinə ölkə daxilində razılaşdırılması üçün ekspert qrupunun iclasının materiallarını Birliyin iştirakçısı olan dövlətlərə göndərmək, sonra müəyyən olunmuş qaydada baxılması üçün MDB Hökumət Başçıları Şurasının iclasına təqdim etmək təklif olunub.
MDB Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və Daxili İşlər Nazirləri Şurasının mütəşəkkil cinayətkarlığa, terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və digər təhlükəli cinayət növlərinə qarşı mübarizə sahəsində qərarlarının hazırlanmasında və icrasında iştirak etmək də Büronun funksiyalarından sayılır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk