REGİONLAR
Muxtar respublikada nağdsız ödənişlərin dairəsi genişləndirilir
Naxçıvan, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda səfərdə olan “Visa” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə Abbas İsmayılov nağdsız ödənişlərin dairəsinin və dövriyyəsinin artımına müsbət təsir göstərən amillərdən bəhs edib. Vurğulayıb ki, Naxçıvanda cari ilin 9 ayında qeydiyyatdan keçmiş POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 faiz, POS-terminallar üzrə dövriyyə 23,8 milyon manat və ya 41,6 faiz, nağdsız əməliyyatlar üzrə dövriyyə isə 309,5 milyon manat və ya 74,8 faiz artıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin geniş tətbiqi də nağdsız dövriyyələrin artımına müsbət təsir göstərib. Belə ki, 2024-cü ilin 9 ayında Naxçıvanda istehlakçılara qaytarılmış 1037,2 min manat ƏDV məbləğinin 75 faizi və ya 778,6 min manatı nağdsız ödənişlər üzrədir. Qeyd edilib ki, qeyri-dövlət sektorunda əmək müqavilələri və əməkhaqlarının ağardılması, nağdsız qaydada ödənişləri genişləndirilir.
“Visa” şirkətinin ölkə üzrə meneceri Nurlan Hacıyev şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əldə olunan təcrübələr haqqında məlumat verib.
Tərəflər müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, rəqəmsal ödənişlərdən istifadə, Naxçıvan Muxtar Respublikasında mövcud biznes mühiti və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.