Muxtar respublikada şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmalarına xüsusi diqqət yetirilir
Naxçıvan, 8 dekabr, AZƏRTAC
Muxtar respublikada gənclər arasında Vətənə məhəbbət hissi çox yüksəkdir. Bu da onunla bağlıdır ki, muzeylərlə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılır, qədim və zəngin tarixi mədəniyyəti özündə yaşadan yurd yerlərimizə, tarixi abidələrimizə ekskursiyalar təşkil olunur. Hərbi idman oyunları, atıcılıq turnirləri, özünümüdafiə ilə bağlı tədbirlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sahədə görülən işlərin nəticəsində 2020-ci ildə muxtar respublikanın 164 ümumtəhsil məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün ötən illə müqayisədə 11 faiz çox olmaqla, 498 şagird sənəd verib, onlardan 220-si kursant adını qazanıb.
Son dövrlər məktəblərdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət daha da artırılıb. Hərbi kabinələrin maddi-texniki bazalarının gücləndirilməsi, hərbi rəhbərlərin hər il Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində təlimlərə cəlb edilməsi, onlara rütbələrin verilməsi, Hərbi Liseyə təşkil edilən açıq qapı günləri şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin təkcə dərs prosesində deyil, dərsdənkənar məşğələlərdə də aşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Məktəblərdə vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə təşkilinin ifadəsidir ki, 30 ildir düşmən tapdağında olan torpaqlarımızın azad edilməsində naxçıvanlı gənclər də böyük qəhrəmanlıqlar göstərdilər.
Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət adamlarının şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.