Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” sözləri Qələbəmizin rəmzinə, xalqımızın qələbə ruhuna çevrildi
Bakı, 10 noyabr, AZƏRTAC
Bütün Azərbaycan, dünya azərbaycanlıları milli qürur və qələbə tarixini yaşayır. Müzəffər Ali Baş Komandanımız, rəşadətli Ordumuz, qürurlu, ləyaqətli xalqımız Ermənistanı rəzil duruma saldı, kapitulyasiyaya məcbur etdi. Birlik rəmzi olan “dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi. Artıq dekabrın 1-dək Qarabağımız tam azad olunacaq, referendum olmayacaq, Naxçıvana qədim torpaqlarımızdan keçərək gedəcəyik. Gözünüz aydın olsun!”
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu bildirən deputat qeyd edib: “Uzun illər davam edən işğala son qoyuldu, işğal altındakı bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. Ermənilərin arzusu olan Dağlıq Qarabağın “statusu” məsələsinə də son qoyuldu və yurd həsrəti ilə yanan bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar”.
Sədaqət Vəliyeva vurğulayıb ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında yalnız dövlət sərhədi mövcud olacaq. “Artıq nə təmas xətti var, nə də təhdid. Azərbaycan düşmənlərini iti qovan kimi qovdu, başlarını əzdi, onlara layiq olduğu yeri göstərdi. Eyni zamanda, əldə olunmuş razılaşmaya əsasən, münaqişə tərəflərinin razılaşdırmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üçün Sülhməramlı Mərkəz yaradılır. Bu Mərkəzdə Türkiyə və Rusiya hərbçiləri fəaliyyət göstərəcəklər. Azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Respublikasının qanunları tətbiq olunacaq, bütün torpaqlarımızda yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün torpaqlarımızda Azərbaycan polisi xidmət göstərəcək. Tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik Naxçıvanla Azərbaycan arasında bütün kommunikasiya xətləri bərpa ediləcək”, - deyən Sədaqət Vəliyeva vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” sözləri Qələbəmizin rəmzinə, xalqımızın qələbə ruhuna çevrildi.