Myanmada çinli sahibkarlara məxsus müəssisələrdə törədilən yanğınlarda 2 nəfər yaralanıb
Pekin, 17 mart, AZƏRTAC
Hərbçilərin çevrilişindən sonra iğtişaşların davam etdiyi Myanmada Çin sahibkarlarına məxsus müəssisələrdə törədilən yanğın nəticəsində 2 çinli işçi yaralanıb.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, törədilən yanğınlar və dağıntılar çinli sahibkarlara məxsus 32 müəssisəyə təxminən 37 milyon ABŞ dolları ziyan vurub. Çinin Myanmadakı səfirliyi məsələyə dair bəyanat yayaraq, hadisəni törədənlərin cəzalandırılmasını tələb edib.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien bir neçə gün əvvəl rəsmi Pekinin Myanmadan bu ölkədəki Çin vətəndaşlarının və şirkətlərinin təhlükəsizliyini qorumaq üçün əməli addımlar atmağı tələb etdiyini açıqlamışdı.
Qeyd edək ki, Myanmada hərbi çevriliş əleyhinə son günlər keçirilən etiraz aksiyaları zamanı çinli sahibkarlara məxsus bir neçə müəssisədə yanğın törədilib. Aksiya iştirakçıları müəssisələrin təhlükəsizlik xidmətinin əməkdaşlarına və işçilərinə küt alətlərlə xəsarət yetirib, avadanlığı, o cümlədən avtomobilləri yararsız hala salıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin