REGİONLAR
Nabran çimərliklərində dəniz suyunun tərkibi yoxlanılır VİDEO
Xaçmaz, 29 aprel, Elxan Yusifli, AZƏRTAC
Xəzər dənizinin Xaçmaz rayonu ərazisindəki beş müxtəlif çimərlikdən su nümunələri götürülərək, müayinə üçün laboratoriyaya göndərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən su nümunələri götürülən çimərliklərin əksəriyyəti yay mövsümündə turistlərin daha çox üz tutduğu Nabran istirahət zonasındadır.
Mərkəzin şöbə müdiri Saleh Pirəliyev bildirib ki, aprel ayı ərzində iki yoxlama aparılıb. Dəniz suyunun müayinəsi çimərlik mövsümü boyunca, ay ərzində iki dəfə olmaqla, oktyabradək davam etdiriləcək.
Laboratoriyada aparılan müayinələr zamanı suyun bakterioloji tərkibi öyrənilir. Bu vaxta qədər aparılan müayinələr zamanı dəniz suyundan götürülən nümunələrdə insan orqanizminə mənfi təsir edəcək səviyyədə bağırsaq çöplərinə rast gəlinməyib.