Nabran turizm zonasının yaxınlığındakı qədim qəbiristanlıqda arxeoloji araşdırmaların aparılmasına ehtiyac var VİDEO
Xaçmaz, 10 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın Susayqışlaq kəndinə yerləşən qədim yaşayış yeri və qəbiristanlıqda arxeoloji araşdırmaların aparılmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, kəndin yaxınlığında meşəlik ərazidə yerləşən tarixi məkanda qədim yaşayış yeri, 20-dən çox qədim məzar daşı, kurqan olması ehtimal edilən iki təpəlik mövcuddur.
Tarixçi Sərxan Qəribov məzar daşları üzərində olan yazılara əsasən buradakı qəbiristanlığın XIII-XIV əsrlərə aid olduğunu ehtimal edir. Burada üzərində 1382-ci il qeyd olunan, qadına məxsus məzar daşı da var. Qəbirlərin bəziləri çay daşından hörülüb, bəziləri isə daş qutu formasındadır. Qəbir daşlarında yazılarla yanaşı, qədim Misir heroqliflərini xatırladan fiqurlara da rast gəlmək mümkündür.
Qəbiristanlıqdakı kurqan olması ehtimal edilən təpələrin tarixi isə eramızdan əvvələ qədər gedib çıxa bilər. Çünki Xaçmaz rayonu ərazisində bir neçə yerdə buna bənzər, e.ə III-II minilliklərə aid kurqanlar aşkarlanıb.
Qəbirlərin aşınması və sakinlərin ərazidə apardığı torpaq işləri zamanı qəbiristanlıqda dulusçuluq və başqa sənətkarlıq nümunələri, bəzək əşyaları və sümüklər üzə çıxır.
Sərxan Qəribov bildirir ki, Susayqışlaq kəndi ərazisindən vaxtilə qədim karvan yolları keçib. Arxeoloji qazıntılar burada sənətkarlıq mərkəzini və ya istehkam məqsədi ilə tikilmiş qalanı üzə çıxara bilər.
Tarixçi hesab edir ki, Susayqışlaq kəndi ərazisindəki qədim qəbiristanlığın dövlət qeydiyyatında olan tarixi abidələrin siyahısına salınmasına nail olmaqla, ərazinin mühafizəsini təşkil etmək vacibdir. Ərazinin Nabran turizm zonasının yaxınlığında yerləşməsi imkan verir ki, ölkəmizə gələn əcnəbi turistləri bura cəlb etməklə tariximizi daha yaxşı tanıdaq. Amma bunun üçün genişmiqyaslı arxeoloji qazıntılar aparılmalı, tarixi faktlar üzə çıxarılmalıdır.
Qeyd edək ki, Susayqışlaq kəndi Xudat şəhərindən 3 kilometr məsafədə, Xudat-Yalama avtomobil yolu və Bakı-Yalama dəmir yolu xəttinin yaxınlığında yerləşir.