Nadir eksponatlarla zəngin Mineralogiya Muzeyi VİDEO
Burada 56 ölkədən 6 mindən çox mineral nümunəsi toplanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Ölkəmizin ən böyük və ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) zəngin mineral eksponatların toplandığı Mineralogiya Muzeyində 56 ölkədən olan 300-dən çox növdə 6 min 600-dək mineral nümunəsi nümayiş etdirilir. Onların əksəriyyəti nadir minerallardır.
Bu barədə AZƏRTAC-a müsahibəsində muzeyin direktoru, Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının dosenti Ağamehdi Ağayev məlumat verib. A.Ağayev bildirib ki, mineral nümunələrinin xeyli hissəsi Azərbaycanın bölgələrində olan yataqlardan götürülüb. Qarabağ bölgəsində zəngin mineral yataqları mövcuddur. Həmin yataqlardan götürülən mineral nümunələrinin tərkibi olduqca zəngindir.
“Muzeydə mineral nümunələrinin adı, kimyəvi tərkibi və yatağı qeyd edilib və kataloqu hazırlanıb. Burada tərkibində qızıl, gümüş və digər nadir materiallarla zəngin olan mineral nümunələri də toplanıb. Beynəlxalq əlaqələrini genişləndirən muzey Ukrayna, Rusiya, Türkiyə, Orta Asiya ölkələrinin elmi qurumları ilə əməkdaşlıq edir. Həmin ölkələrdən də muzeyə müxtəlif növdə mineral nümunələri gətirilir və tədqiq olunur. ADNSU-nun Mineralogiya Muzeyi mineral eksponatlarla zənginliyinə görə Qafqazda ən zəngin muzeydir”, - deyə A.Ağayev vurğulayıb.
Universitetin alim və tələbələri öz elmi tədqiqatlarında muzeyin xidmətlərindən geniş və səmərəli istifadə etmək imkanlarına malikdirlər. Muzeydə tədqiqatlar aparan ADNSU Tələbə Elmi Cəmiyyəti üzvlərinin, gənc tədqiqatçıların elmi işləri Rusiyanın nüfuzlu elmi jurnallarında yer alır. Muzeyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi və onun mineral nümunələri ilə zənginləşdirilməsi istiqamətində iş aparılır.
Universitetə gələn xarici ölkə alimləri, tədqiqatçıları, digər qonaqlar da muzeyi ziyarət edərək, burada nümayiş etdirilən mineral nümunələri, onların tərkibi ilə maraqlanırlar.