Naftalan Şəhər Bələdiyyəsi ölkəmizdə beynəlxalq standart alan ilk bələdiyyə olub
Naftalan, 18 dekabr, AZƏRTAC
Naftalan Şəhər Bələdiyyəsi ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri-tələblər” beynəlxalq standartına layiq görülüb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu standart idarəetmənin səmərəli təşkili, proseslərə düzgün nəzarət, işçilərin peşəkarlığının yüksəldilməsi, keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, risklərin azaldılması və stabilliyin yaranması, səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnunluğunun artırılması kimi faydaları özündə ehtiva edir. ISO 9001:2015 keyfiyyəti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standart dünyanın 95 ölkəsinin ekspertlərinin iştirak etdiyi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Texniki Komitəsi tərəfindən hazırlanıb.
Həmçinin standartın tətbiqi vətəndaşla bələdiyyə arasındakı münasibətlərdə yeni düşüncə tərzinin formalaşmasına, bələdiyyənin gündəlik fəaliyyətlərinin həyata keçirilməsinə və vətəndaş müraciətlərinə baxılması zamanı şəffaflığını artırılmasına, müvafiq sahədə qanunvericiliyin tələblərinin effektiv şəkildə yerinə yetirilməsinə, idarəetmədə müsbət dəyişikliklərə səbəb olacağına imkan yaradacaq.