Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi artıb
Bakı, 30 may, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti İcmalına istinadla xəbər verir ki, rüb ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir edib və bu da qiymət sabitliyinin başlıca lövbərini - məzənnə sabitliyini dəstəkləyib. Valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənir. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın müxtəlif seqmentlərində əsasən artım istiqamətində dəyişib. Birinci rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 25,8 faiz artaraq 7,4 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86,9 faizi ABŞ dollarında, 13,1 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 30,1 faizi banklararası valyuta bazarında (BVB), 69,9 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Rüb ərzində BVB-də əməliyyatların 99,6 faizi ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 5,2 milyard dollar ekvivalentində olub ki, bunun da 81,2 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,9 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin I rübünə nəzərən 12,5 faiz artaraq 1,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 89,7 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması şəraitində ümumi iqtisadi aktivliyin artması ilə nağd xarici valyutanın xalis satışı ötən ilin müvafiq dövrünə nəzərən 66,2 faiz artıb.