Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qardaş və bacı tutulub
Bakı, 16 mart, AZƏRTAC
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov və bacısı Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Şəxsi axtarış zamanı F.Hüseynovdan heroin və metamfetamin, bacısından isə metamfetamin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların yaşadıqları mənzildən isə əlavə olaraq 645 qram marixuana və 8 qrama yaxın heroin götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini R.Abdullayev isə Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan çox heroin və metamfetamin götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri M.Məmmədov və həyat yoldaşı müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı M.Məmmədovdan 5 qrama yaxın heroin və həyat yoldaşından isə 8 qrama yaxın heroin və 5 qrama yaxın metamfetamin aşkarlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların kirayədə yaşadıqları mənzildən isə əlavə olaraq 331 qrama yaxın heroin, 75 qrama yaxın metamfetamin və 35 ədəd metadon aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.