“NAŞA ROSSİYA” TƏŞKİLATI KSENOFOBİYA İLƏ MÜBARİZƏDƏ QÜVVƏLƏRİ SƏFƏRBƏRLİYƏ ALMAĞI TƏKLİF EDİR
Ksenofobiya və ekstremizmlə mübarizə məqsədi ilə Moskvada yaradılmış yeni “Naşa Rossiya” antifaşist təşkilatına artıq 10-a yaxın ictimai təşkilat üzv olmuşdur. Bunu “Naşa Rossiya” hərəkatının lideri, Rusiya İctimai Palatasının üzvü Kamiljan Kalandarov bildirmişdir. O, həmfikirləri adından ksenofobiya və ekstremizm məsələlərinə indiki passiv və laqeyd münasibətlərdən imtina etməyə və Rusiyada xalqlar dostluğunu dirçəltməyə çağırmışdır. Onun sözlərinə görə, bu bəla ilə ciddi mübarizənin zəruriliyi məsələsi hakimiyyət qurumları ilə həll olunmuşdur. İndi verilən tapşırıqların dəqiq yerinə yetirilməsini təmin etmək lazımdır.
Çıxış edənlər bildirmişlər ki, Rusiyada ksenofobiya məhz cəmiyyətin passivliyi, hüquq mühafizə orqanlarının aşağı pilləsinin fəaliyyətini zəiflətməsi nəticəsində güclənir. Onların sözlərinə görə, ksenofobiya ilə səmərəli mübarizə üçün problemə metodik yanaşma, hansı cinayətlərin ksenofobiyaya aid edilməsinin dəqiqləşdirilməsi, prokuror nəzarətinin gücləndirilməsi, ictimai təşkilatların informasiyasının nəzərə alınması, habelə hakimlərin, xüsusilə, andlılar məhkəmələrinin işinin yaxşılaşdırılması tələb olunur.
“Naşa Rossiya” hərəkatının üzvləri şəhər və rayon daxili işlər şöbələrinin fəaliyyətini kəskin tənqid edərək bildirmişlər ki, onların bəzi əməkdaşlarının özləri ksenofobiya bəlasına tutulmuşlar.
Bu ilin payızında hərəkat Rusiya xalqlarının qurultayını keçirəcəkdir.