NATO AZƏRBAYCANDA ƏRAZİLƏRİN MİNALARDAN TƏMİZLƏNMƏSİNDƏ İŞTİRAK EDƏCƏK
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) NATO ilə bağlanmış müqaviləyə əsasən, ölkəmizdə ilk dəfə olaraq, zərərsizləşdirilməmiş hərbi sursatların təmizlənməsi üzrə layihə həyata keçirəcəkdir. Ümumi dəyəri 1 milyon 480 min dollara yaxın olan bu layihəyə əsasən, respublikamızda zərərsizləşdirilməsi vacib olan 40 milyon kvadratmetr hərbi sursatlı ərazinin 5 milyon kvadratmetri ilyarım ərzində təmizlənməlidir. Təmizləmə işlərini həyata keçirəcək qrup artıq Xanlar rayonunda təlim kurslarına başlamışdır. Qrup iki aylıq təlim kurslarından sonra fəaliyyət göstərməlidir. Türkiyəli mütəxəssis Hakan Özhanın rəhbərliyi ilə aparılan kurslara Ağstafa rayonunun Saloğlu kəndindən müsabiqə yolu ilə seçilən 30 nəfər sakin cəlb edilmişdir. NATO-nun respublikamızda həyata keçirdiyi bu layihə Albaniya və Kosovadan sonra üçüncüdür.